

İndoneziyalı xilasedicilər Yavan dənizi üzərində “AirAsia” şirkətinə məxsus itmiş təyyarənin qəzaya uğradığını və batdığını güman edirlər. Bu barədə İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin (BASARNAS) rəhbəri Bambanq Soelistio bəyanat verib.
B.Soelistio deyib: ”Bizə məlum olan koordinatlara görə güman edirik ki, təyyarə qəzaya uğrayıb və batıb. Bu yalnız ilkin ehtimaldır”. Agentliyin rəhbəri həmçinin qeyd edib ki, batmış təyyarəni dənizin dibində tapmaq çox çətin işdir.
İndoneziya Hərbi-Hava Qüvvələrinin (HHQ) bildirdiyinə görə, axtarışlar əvvəlcə Yavan və Cənub-Çin dənizlərinin sərhədində aparılıb. Franse-Presse agentliyi İndoneziya HHQ nümayəndəsinin sözlərini sitat gətirərək yazır: ”Biz axtarışları əsasən Belitunq adasının şimal hissəndə cəmləşdirmişik. Axtarış zonasında hava qismən buludlu olsa da ümumilikdə aydındır”.
Bir gün əvvəl havanın qaralması və hava şəraitinin pisləşməsi səbəbindən axtarışlar təxirə salınmışdı.
Təyyarə ilə əlaqə İndoneziya ərazisində kəsildiyinə görə axtarışlara bu ölkə rəhbərlik edir. İndoneziya axtarış zonasına Hərbi-Dəniz Qüvvələrinin (HDQ) yeddi təyyarəsini və dörd gəmisini, eyni zamanda altı tədqiqat gəmisi göndərib. Malayziyanın HHQ və HDQ də axtarışlara qoşularaq, həmin zonaya üç gəmi və bir hərbi-nəqliyyat təyyarəsi göndərib. Dekabrın 28-də Sinqapur da axtarışlara qoşularaq həmin zonaya iki gəmi və bir C-130 “Herkules” təyyarəsi göndərib.
“AirAsia” şirkətinə məxsus təyyarə ilə əlaqə bazar günü səhər, o havaya qalxdıqdan 42 dəqiqə sonra Yavan dənizi üzərində olarkən kəsilib. Şirkətin bildirdiyinə görə, təyyarənin göyərtəsində 162 nəfər olub. Bunların 155-i sərnişin (o cümlədən 17 uşaq), iki pilot, bortmühəndis və dörd göyərtə bələdçisi olub. Göyərtədəkilərin 155-i İndoneziya, üçü Cənubi Koreya, biri Fransa, biri Sinqapur və daha biri Böyük Britaniya vətəndaşlarıdır.