“İşdən sonra” verilişinin aparıcısını ayaqqabısız və üst geyimsiz istintaqa gətiriblər; ABŞ səfirliyi baş verənlərlə bağlı mövqe bildirib: “Narahatıq...”
Dekabrın 27-də və 28-də Azadlıq Radiosunun Bakı Bürosunun, demək olar ki, bütün əməkdaşlarının mənzilinə polis gəlib. Əldə olunan məlumata görə, polisə nəyin bahasına olursa-olsun, Azadlıq Radiosunun jurnalistlərini prokurorluğa gətirmək əmri verilib. Baxmayaraq ki, Azadlıq Radiosunun bütün jurnalistləri dekabırın 29-da vəkillə birlikdə prokurorluğa gəlməyə razı olmuşdular.
Dünən səhər Azadlıq Radiosunun əməkdaşı Kamran Mahmudovu zorakılıq tətbiq edərək mənzilindən aparıblar. Həyat yoldaşı bildirir ki, onu hətta ayaqqabılarını və üst geyimini geyinməyə qoymayıblar. Onun sözlərinə görə, iki nəfər qorxuya düşüb, ağlayan uşaqlarının gözü qabağında Kamranı həbs edib. Kamran Mahmudov dindirilmək üçün Yasamal rayon Prokurorluğuna aparılıb.
Həmçinin dekabrın 28-də radionun Bakı bürosunun xidmətçisi Mətanət Abdinova da polis məntəqsinə çağırılıb, sonradan onu istintaqa aparıblar.
Azadlıq Radiosunun digər iki əməkdaşı Çingiz Sultansoy və Vüsalə Mehdiyeva da yerli polis məntəqsinə aparılıb, sonra onları prokurorluğa aparıblar.
Azadlıq Radiosunun 10-a yaxın əməkdaşı prokurorluq orqanları tərıfindən dindirilib. Radionun vəkili Yalçın İmanov prokurorluq tərəfindən dərhal jurnalistlərin müdafiəsindən kənərlaşdırılıb. Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində vəkilə bildiriblər ki, o, işdən kənarlaşdırılır və şahid qismində ifadə verməlidir. Radionun əməkdaşları faktiki olaraq vəkilsiz qalıblar.
Azadlıq Radiosu bildirir ki, bu gün (dünən) səhər onlar Azadlıq Radiosunun vəkili ilə görüşməyi və bütün lazımi sənədləri imzalamağı planlaşdırırdılar. Prokurorluqla görüşməzdən əvvəl onların leqal təmsilçiliklə təmin olunmasına ehtiyac var idi. İndi onların prokurorluğa aparılması jurnalistləri faktiki qanuni müdafiəsiz qoyur.
Polis və müstəntiqlər Azadlıq Radiosunun jurnalistlərini polis müşayiəti olmadan prokurorluğa getməməyə çağırır. Azadlıq Radiosunun vəkilinin fikrincə, “bunu ona görə edirlər ki, adamlar qorxsunlar və vəziyyəti elə göstərmək istəyirlər ki, guya onlar istintaqdan qaçmaq istəyirlər.”
Dekabrın 26-da Azadlıq Radiosunun Bakı bürosunun qapısının Baş Prokurorluğun müstəntiqləri tərəfindən möhürlənməsinə ABŞ-ın Azərbaycandakı səfirliyindən mövqe bildirilib.
Baş verənlərlə bağlı musavat.com-un müvafiq sualına səfirlikdən bu cür cavab verilib: “Biz mətbuatda Azadlıq Radiosunun ofisində hüquq mühafizə orqanlarının nümayəndələri tərəfindən axtarışlar aparılan zaman radionun Bakı bürosunun əməkdaşlarının ofisdə saxlanılmaları və sorğu-suala tutulmaları barədə yayılan məlumatlardan narahatıq.
Axtarış və sorğu-sualların aparılmasının səbəbləri aydın deyil.
Biz azad mətbuatı dəstəkləmək üçün məsul rəsmiləri qanunlara uyğun olaraq və Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində şəffaf araşdırmaların aparılmasına çağırırıq. Ümidvarıq kı, Azərbaycan rəsmiləri azad və müstəqil mətbuatın insanların rifahı üçün çox vacib olması fikrini bizimlə bölüşərək addımlar atacaqlar".
ABŞ-ın Azərbaycandakı səfirliyi Azadlıq Radiosunun Bakı bürosunda axtarış aparılması və ofisin möhürlənməsi ilə bağlı bəyanat yayıb.
Səfirliyin saytında yerləşdirilən bəyanatda deyilir: “Azadlıq Radiosunun Bakı Bürosununda axtarış keçirilməsi və radio əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən dindirilməsi barədə məlumatlar bizi narahat edir. Axtarışın keçirilməsi və dindirilmələrin səbəbləri aydın deyil. Biz müvafiq rəsmiləri həm Azərbaycanın media azadlığına dair beynəlxalq öhdəliyə, həm də dövlətin qanunvericiliyinə uyğun olaraq şəffaf araşdırmanın keçirilməsinə çağırırıq. Ümid edirik ki, Azərbaycan hökuməti azad və müstəqil mətbuatın dövlətin inkişafı üçün mühüm olması fikirini bizimlə paylaşır və fəaliyyətini məhz bu zəmin əsasında quracaq”./musavat.com/
17:29 29.12.2014