

ABŞ-ın Kaliforniya ştatındakı Azərbaycan icmasının aparıcı təşkilatlarından olan Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyəti (ŞKAMC) San Xose şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib. Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən tədbirdə Kaliforniyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız bir araya gələrək, bu əlamətdar günü birgə qeyd ediblər.
Tədbirdə Həmrəylik Gününün tarixi əhəmiyyətindən söz açılıb, bu ənənənin dünya azərbaycanlılarının vahid kimliyinin inkişafındakı önəmindən bəhs edilib. Baş konsulluğun vitse-konsulu Rafiq Rüstəmov çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 31 dekabr tarixini xüsusi qeyd etdiyini, bu əziz günün digər xalqlardan fərqli olaraq azərbaycanlılar üçün ikiqat bayram olduğunu bildirib. R.Rüstəmov bu əlamətdar günün xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarının milli kimlik məfkurəsinə, azərbaycançılıq dəyərlərinə verilən ən önəmli töhfələrdən biri olduğunu qeyd edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın gündən-günə daha da gücləndiyini bildirən R.Rüstəmov bu gün Azərbaycanın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yeganə müstəqil dövləti olduğunu söyləyib və bütün azərbaycanlıların bu dövlət ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb.
Azərbaycan icmasının fəallarından Vüsal Əzizəliyev, Həmid Azəri və Mehriban Məmmədova çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün hər bir azərbaycanlı, o cümlədən Kaliforniyada yaşayan soydaşlarımız üçün xüsusi önəm daşıdığını bildiriblər.
Tədbir ziyafətlə davam edib./AzerTac/