

Beynəlxalq maliyyə kredit təşkilatlarının rəyinə görə, 2015-ci ildə qlobal iqtisadiyyatın artımı bir qədər sürətlənəcək. Lakin bu artım regionlar üzrə qeyri-bərabər qalacaq. Qlobal əmtəə bazarlarında volatillik dərəcəsi, maliyyə sektorunun fəallığının bərpası səviyyəsi, inkişaf etmiş ölkələrdə pul siyasətlərinin xarakteri qlobal iqtisadi artıma təsir edən əsas amillər olacaq.
AzərTAc-ın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə, 2015-ci ildə qlobal iqtisadi artımın 3,8 faiz olacağı gözlənilir, o cümlədən inkişaf etmiş ölkələr (İEÖ) üzrə 2,3 faiz, inkişaf etməkdə olan ölkələr (İEOÖ) üzrə isə 5 faiz artım proqnozlaşdırılır. Bu il inflyasiya proqnozu İEÖ üzrə 1,8 faiz, İEOÖ-də isə 5,6 faiz təşkil edəcək. Cari ildə ABŞ-da iqtisadi artım və məşğulluq göstəricilərinin yaxşılaşması şəraitində yumşaq pul siyasətindən tədricən imtina ediləcəyi gözlənilir. Bu, qlobal maliyyə bazarlarında faiz dərəcələrinə təsir edən vacib amil olacaq. Avrozonanın aparıcı ölkələrində isə struktur islahatları iqtisadi artımın canlanmasında mühüm rol oynayacaq.
2015-ci ildə qlobal ticarətin 5 faiz artacağı proqnozlaşdırılır. Beynəlxalq kapital axınlarının növbəti ildə də daha çox İEÖ-lərə istiqamətlənəcəyi gözlənilir. Proqnozlara görə, 2015-ci ildə birbaşa xarici investisiya axınları İEÖ-lərə 16,3 faiz, İEOÖ-lərə isə cəmi 1,6 faiz artacaq.