

ABŞ şirkətləri neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar istismarda olan neft quyularının sayını azaltmağa məcbur olub.
“Vestifinance.ru” saytı xəbər verir ki, Baker Hughes Rig Count indeksinin məlumatına görə, ABŞ-da bir həftə ərzində 37 quyunun istismarı dayandırılıb. Hazırda istismarda 1499 quyu var.
Qeyd edək ki, 2014-cü ilin oktyabr ayında ölkədə ən çoxu 1596 quyu istismar edilirdi.
“Bloomberg” agentliyinin sorğusunda iştirak edən ekspertlərin fikrincə, Amerika şirkətləri istismarda olan yataqların sayını azaltmağa davam etmək niyyətindədirlər. Analitiklər bu tendensiyanın 2015-ci ilin ikinci rübünə qədər davam edəcəyini, ilin ortalarından isə ABŞ-da neft hasilatının azalmağa başlayacağını proqnozlaşdırırlar.