

2014-cü il ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə həyata keçirilən böyük layihələrlə, yeni açılan və təməli qoyulan müəssisələrlə yadda qalıb.
Kanal24.az AzərTAc-a istinadən xəbər verir ki, yola saldığımız ildə bu şəhərdə 7 məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Şəhər 4 və 16 nömrəli orta məktəblərinin 960 yerlik yeni korpuslarının, 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub.
Ötən il Prezident İlham Əliyevin bu şəhərə səfəri çərçivəsində Gəncə Dövlət Dram Teatrının yeni binasının, həmçinin vaqon istehsalı müəssisəsinin təməli qoyulub. Gəncə Dövlət Filarmoniyasının, İmamzadə ziyarətgah-kompleksinin tikintisində işlər uğurla davam etdirilib. Şəhərin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə beş milyon manat vəsait ayrılıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə ayrılan vəsait hesabına 35 min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı və Cavad xan qəsəbələrini Gəncə ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yolları yenidən qurulub. Yeni park və xiyabanlar, muzeylər istifadəyə verilib. Yollar genişləndirilərək nəqliyyatın sərbəst hərəkəti təmin edilib.
Bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən, eləcə də 2016-cı il üçün “Avropa gənclər paytaxtı” elan olunan Gəncədə yeni ilə də böyük ruh yüksəkliyi ilə başlanılıb. Gəncəlilər inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ildə daha böyük nailiyyətlərə imza atacaqlar.