Fəzail Ağamalı: “Anti-Azərbaycan koalisiyası mövcuddur və...”
Bu ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları ölkədəki siyasi situasiyanı dünyanın diqqətimə çatdırmaqda növbəti tramplin ola bilər. Necə ki, “Eurovision-2012" yarışmasında müsabiqə bir yana qaldı və əcnəbi jurnalistlər paytaxtda təşkil edilən nümayişləri çəkib dünya mediasında yayımladı. Müsabiqədən sonra isə siyasi motivli həbslər başlandı.
Analoji proseslərin Avropa Oyunlarından sonra da təkrarlanacağı ehtimal edilir. Müxalifətin boykot çağırışları, siyasi dustaqlara azadlıq tələbi ilə aksiyalar başlamaq təklifi hakimiyyəti yenidən qıcıqlandıra bilər.
Siyasi şərhçi Ərəstun Oruclu yarışma ərəfəsində insan haqları müdafiə təşkilatı üzvlərinin həbsini hesablanmış tədbirlər hesab edir. Analitik musavat.com-a açıqlamasında yarışmaya sayılı günlər qalmış repressiyalar olacağını da istisna etməyib.
İqtidaryönlü deputat Fəzail Ağamalının fikrincə isə fəaliyyətdə olan anti-Azərbaycan koalisiyası mövcuddur və onların şəbəkəsi geniş bir miqyası əhatə edir. Deputat “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu koalisiya Azərbaycanı sevməyənlərdən ibarətdir və erməni diasporunun təsiri altındadır. Deputatın sözlərinə görə, antimilli qüvvələr olan bu koalisiya üzvləri “Eurovision” yarışması keçirilən günlərdə də fəallıq nümayiş etdirirdi.
F.Ağamalı hesab edir ki, onlar Azərbaycanı aşağılamaq üçün ən gözlənilməz addımları atmaqdan belə çəkinmədilər: “Ancaq xalqın iradəsinə söykənən prezidentin qətiyyətli mövqeyi və hüquq-mühafizə orqanlarının peşəkarlığı nəticəsində bu təxribatların qarşısı alındı. Bu yarışma ölkəmizin tanınmasında ciddi rol oynadı və həmin təxribatlar nəticə vermədi. İndi yeni bir beynəlxalq yarışma ərəfəsindəyik. Dünya və Avropa ölkələri Azərbaycana maraq göstərirlər. Artıq ölkə prezidenti və Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyeva hazırlıqlarla tanış olublar və gedişatdan razı qalıblar. Əminəm ki, iyunda keçiriləcək bu tədbir də ”Eurovision" kimi ən yüksək səviyyədə təşkil olunacaq".
Deputat bu yarışma ərəfəsində Azərbaycana qarşı təzyiq və təhdidlər olacaqsa, onun qarşısının alınacağına əmindir: “Azərbaycanın peşəkar hüquq-mühafizə orqanları sistemi var və güc strukturları bütün təxribatları önləməyə hazırdır.
Azərbaycana qarşı olan koalisiyada bəzi siyasi partiyalar, jurnalistlər, vətəndaş cəmiyyəti üzvləri var ki, onlara qrantlar göndərilir, maliyyələşdirilir. Ondan sonra həmin təşkilatların sifarişlərini yerinə yetirirlər. Bu sifarişlər Avropa Oyunları ərəfəsində də hiss olunur, müəyyən çağırışlar səslənir".
F.Ağamalı qanundankənar aksiyalar keçirilərsə, həbslər olacağını istisna etmir: “”Eurovision" günlərində həbslər aksiyalara görə olmayıb. Bu aksiyalar zamanı qanunlar ciddi şəkildə pozulub, təhlükəsizlik tədbirlərinə zidd addım atılıb. Ona görə də qanunsuzluğa yol verənlər məsuliyyətə cəlb edilib. Bundan sonra da olacaqsa, müvafiq addımlar atıla bilər və atılmalıdır. Əgər təhlükəsizliyə dair problem yaranarsa, Avropa Oyunlarının gedişinə hər hansı maneçilik törədilərsə, o zaman hüquq-mühafizə orqanları dərhal addımlar atacaq. İdmançıların yaşadığı binaların qarşısında, yarışma keçirilən ərazidə aksiya təşkil olunsa, dərhal qarşısı alınmalıdır. Bakıda kütləvi aksiyalar keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmalıdır və meriyanın məsləhət bildiyi ərazidə mitinqlər olmalıdır.
Yarışma keçiriləcək ərazidə aksiyaların təşkili mənəvi dəyərlərimizə və qanunlarımıza zidd addımdır. Belə olan halda, yəni qanunsuzluq edilərsə, həbslər həyata keçirilməlidir. Xüsusi olaraq Avropa Oyunlarına görə həbslər olacağı barədə deyilənlər indidən ortaya atılmış və tirajlanmış əsassız fikirdir".
/musavat.com/
16:56 06.01.2015