

Dünyanın əksər ölkələrində ticarətlə məşğul olan tanınmış “Duty Free” ticarət şəbəkəsi Azərbaycana qarşı təxribata başlayıb.
Bu barədə “Olaylara”a Rusiyada yaşayan azərbaycanlı Ağabəy Mahmudov məlumat verib. Onun sözlərinə görə, adışəkilən şəbəkənin təxribatı ilə ötən ilin son günü-dekabrın 31-də Azərbaycana gələrkən Moskvanın Domodedova Hava Limanında fəaliyyət göstərən mağazasında rastlaşıb:
“Həmin gün Azərbaycana gəlirdim. Aeroportda “Duty Free”mağazalar şəbəkəsindən keçərkən diqqətimi “Karabax” adlı spirtli içki cəlb etdi. 0,5 litrlik tut arağı olan “Karabax” içkisi 3 növdən ibarət idi və hər üçü mağazanın piştaxtasında reklam olunurdu. İçkinin Azərbaycana aid olduğunu zənn edib almaq məqsədilə piştaxtaya yaxınlaşdım və sifariş vermək istədim. Amma gördüklərimdən dəhşətə gəldim”.
Ağabəy Mahmudov deyir ki, “Karabax” adı ilə bütün dünyaya nümayiş olunan bu içkinin istehsal olunduğu ölkə Ermənistan, istehsal olunduğu yer isə Stepanakert kimi göstərilmişdi. Həmyerlimiz mağazanın rəhbərliyi ilə bu barədə maraqlanmaq istəsə də, “Duty Free” mağazasının inzibati heyəti ona şərait yaratmayıb və Ağabəy Mahmudovun piştaxtalarda reklam olunan bu içkilərin şəklini çəkməyə mane olub. Çətinliklə də olsa həmyerlimiz içkilərin şəklini çəkə bilib. Onun sözlərinə görə, mağazanın inzibati heyəti onun azərbaycanlı olduğunu biləndən sonra burada çəkiliş aparmasına mane olub:
“Məlum məsələdir ki, “Duty Free” mağazalar şəbəkəsinin rəhbərliyi də bunun Azərbaycana qarşı təxribat olduğunu bilir və bilərəkdən də tarixi Azərbaycan ərazilərinin Ermənistana məxsus olması barədə təxibat xarakterli hərəkətlər edib, Azərbaycanın işğal altındakı ərazilərini Ermənistan ərazisi kimi təqdim edir. Zənnimcə, bu məsələyə Azərbaycan hökuməti, Azərbaycanın Xarici İşlər Nazirliyi ciddi reaksiya verməli, bütün dünya ölkələrinin hava limanlarında fəaliyyət göstərən “Duty Fee” şirkətinin bu təxribatının qarşısını almalıdır. Domodedova Hava Limanı beynəlxalq aeroportdur. Bu aeroportdan hər ay milyonlarla turist istifadə edir və “Duty Free” mağazası da həmin aeroportun giriş dəhlizində fəaliyyət göstərir. Belə bir halda mağazanın “Karabax” içkisini Ermənistan içkisi kimi təqdim etməsi Azərbaycana qarşı ən böyük təxribatdır. Bu “Duty Free”nin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ ərazisini təxribat yolu ilə Ermənistan ərazisi kimi tanıtmasıdır”.
Xatırladaq ki, dünyanın əksər ölkələrində fəaliyyət göstərən “Duty Free” şirkətinin Azərbaycanda da rəsmi nümayəndəliyi və nümayəndəliyin veb saytı fəaliyyət göstərir.