

Son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və yanvarın 13-dən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti müvafiq olaraq “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün 95 qəpikdən 93 qəpiyə endirilib.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilmiş, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib.