isaznow.com
Az Iw En Ru

Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Şağan Olimpiya Kompleksində böyüklər arasında boks üzrə ölkə çempionatına yekun vurulub.

AzərTAc xəbər verir ki, 49 kiloqram çəki dərəcəsində gözlənildiyi kimi Salman Əlizadə qalib gəlib. 2011-ci ilin Avropa çempionu finalda Hacıbaba Fərziyevi məğlub edib.

Gənclər arasında dünya birinciliyinin qalibi Məsud Yusifzadə 52 kiloqram çəki dərəcəsində birinci yeri tutmaqla turnirin sensasiyalarından birinə imza atıb. “Rabitə” klubunun üzvü həlledici görüşdə Azərbaycan kubokunun qalibi Araz İmaməliyevi üstələyib.

İlk dəfə böyüklər arasında yarışda iştirak edən Tayfur Əliyevi (56 kq) Azərbaycan çempionatının tapıntısı saymaq olar. On yeddi yaşlı boksçu finalda da inamlı təsir bağışlayaraq uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. Elvin İsayev (60 kq) hamıdan güclü olduğunu bir daha sübuta yetirib. “Gilan” klubunun üzvü Gəncə boksçusu Vüsal Verdiyev üzərində qələbə qazanıb. Altmış dörd kiloqram çəki dərəcəsində Elnur Əliyev birinci, Xəzər Əliyev isə ikinci nəticə göstəriblər.

Elvin Quliyev (69 kq) mübarizəsiz qalib adını qazanıb. Onun rəqibi Roman Zakirov zədələndiyi üçün rinqə çıxa bilməyib.

WSB liqasından yaxşı tanıdığımız Haybulla Musalov ilə (75 kq) Kamran Şahsuvarlının görüşü böyük maraq doğururdu. “Gilan” klubunu təmsil edən H.Musalov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Səksən bir kiloqram çəki dərəcəsində prinsipial rəqiblər Rauf Rəhimov ilə Vətən Hüseynlinin duelindən birinci qalib ayrılıb.

Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) öz çəkisində 1-ci olduğunu sübut edib. Milli komandamızın üzvü Rahil Məmmədlidən güclü olub. Superağır çəki dərəcəsində isə Asəf Aslanlı zədələndiyi üçün qələbə Kamran Mehdiyevə verilib.

Ümumi komanda hesabında “Rabitə” birinci, “Gilan” ikinci, “Neftçi” isə üçüncü yerləri tutublar.



19:16 14.01.2015